**

با هم تا ظهور
**

از زمان باید همه چی رو فهمید!

وضعیت وبلاگ :

**

با هم تا ظهور

İmam Mühəmməd Baqirin (ə) əxlaqi və ictimai

جمعه, ۱۹ شهریور ۱۳۹۵، ۰۳:۰۴ ب.ظ

Yüksək əxlaq sahibi olan imam Baqir (ə) Allah-Taalanın ayələrindən biridir. O həzrət öz gözəl əxlaqı ilə digər peyğəmbərlərdən fərqlənən babası Rəsuli-Əkrəmin (s) əxlaqına sahib idi. Öz fəzilət, şöhrət və Allah-Taalaya olan dərin imanı ilə dünyanı işıqlandırmış ata-babalarından başqa, dünya tarixində imam Baqir (ə) kimi gözəl əxlaqa sahib bir şəxs olmamışdır. O həzrət kamillik pillələrini fəth etməsi, yüksək əxlaqi səciyyələrə malik olması ilə, bəşəriyyət tarixində təkrarolunmaz bir şəxsiyyətdir. Ravilər imam Baqirin (ə) gözəl əxlaqı və rəftarları barədə çoxlu sayda nümunələr nəql etmişlər və biz burada həmin nümunələrdən bir neçəsini qeyd etməklə kifayətlənirik:


1. İmam Baqirin (ə) helmi (həlimliyi, yaxşı rəftarı)

İmam Baqir (ə) insanların ən həlimlisi idi, tarixçilər onun helmli olması haqda bir çox rəvayətlər nəql etmişlər. O cümlədən:

1. Bir gün kitab əhlindən olan bir nəfər imam Baqirin (ə) üstünə gələrək “Sən “bəqər”sən (“bəqər” sözü inək mənasını verir)!” – dedikdə, İmam (ə) gülümsəyərək mehribanlıqla buyurur: “Xeyr, mən Baqirəm (elmləri yaran, açan şəxs).” Kitab əhli deyir: “Sən aşpaz qadının oğlusan.” İmam (ə) buyurur: “Bu, onun peşəsi idi.” Kitab əhli düşməncəsinə İmama (ə) deyir: “Sən çirkin zənci bir qadının oğlusan.” İmam (ə) qəzəblənmədən buyurur: “Əgər düz deyirsənsə, Allah səni bağışlasın və əgər yalan deyirsənsə, yenə də Allah səni bağışlasın.”

Kitab əhli peyğəmbərlərin əxlaqına oxşayan bu gözəl əxlaqın təsirindən özünü itirir və sonra İslamı qəbul edir. (“Mənaqibi-ali Əbu Talib”, 4-cü cild, səh.207; “Biharül-ənvar”, 46-cı cild, səh.289; “Əyanuş-şiə”, 4-cü cild, səh.504.)

2. Bir gün bir şamlı təsadüfən imam Baqirin (ə) məclisində iştirak edir və mühazirələrini eşidir. Bu, onun çox xoşuna gəldiyi üçün deyir: “Ey Mühəmməd! Mən sənin məclisində iştirak etdim. Amma bu, mənim sənə məhəbbətimin əlaməti deyil. Mən siz Əhli-beytə (ə) nifrət bəsləyirəm və bilirəm ki, Allah-Taalaya və möminlərin əmirinə itaətin əlaməti sizə nifrət, kin-küdurət bəsləməkdir. Lakin görürəm ki, sən fəsahətli və xüsusi gözəl bəyanı olan bir insansan. Mən sənin bu gözəl ədəbində çaşbaş qalmışam.”
İmam (ə) məhəbbət və mehribanlıqla ona doğru yolu göstərir. Yolunu azmış rəhbərlərin Əhli-beytin (ə) əleyhinə uydurma və yalanları ona aydın olur. Əqidəsi dəyişərək İmamı (ə) sevməyə başlayır və ölənə qədər bu halda qalır. Öləndə də vəsiyyət edir ki, İmam (ə) ona namaz qılsın. (“Həyatul-imam Mühəmməd Baqir (ə)”, 1-ci cild, səh.121.)

Yüksək əxlaq sahibi olan imam Baqir (ə) öz gözəl əxlaqı ilə qəlbləri məhəbbətlə doldurmuş, şüur və düşüncələri ayıltmış və bütün insanları bütlərə ibadətdən xilas edərək onları tövhid əqidəsi ətrafında birləşdirmiş babası Rəsulullaha (s) oxşayırdı.

2. İmam Baqirin (ə) səbri

İmam Baqirin (ə) əxlaqi keyfiyyətlərindən biri də uşaqlıq çağlarından gördüyü çətin və böyük hadisələr müqabilində səbirli, dözümlü olması idi. O həzrət Kərbəlada cənnət gənclərinin sərvəri imam Hüseynin (ə), onun əhli-əyalının və qəhrəman səhabələrinin qətlə yetirildiyini görmüş, Əhli-beytin (ə) çəkdiyi müsibət və bəlaların şahidi olmuşdur. Buna görə də, o həzrət həmin müsibətləri və Kərbəla faciəsini təfərrüatı ilə rəvayət edənlərdən biridir.
Doğrudan da, imam Baqir (ə) ağır müsibətlərə dözmüş, səbir etmişdir. Biz burada həmin müsibətlərdən bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. Əməvi hakimiyyətinin o həzrətin məsum əcdadlarının (ə) haqqını almasını və onlara hörmətsizlik etməsini, cümə və bayram namazlarının xütbələrində onlara nalayiq sözlər deyilməsini, hətta Hindin oğlu Müaviyənin Əhli-beytlə (ə) bağlı yaramaz çıxışlarını və bunu islami əqidə kimi tanıtdırmasını, bu işi müsəlmanlara vacib etməsini İmam (ə) eşidir, bir söz belə deməyə imkan tapmırdı. O həzrət (ə) bütün bu çətin bəlalara, əziyyətlərə dözüb səbir etməkdən başqa bir yol görmürdü.

2. İmam Baqirin (ə) səbir etdiyi və ürəyini yandırdığı məşəqqətli müsibətlərdən biri də Əməvi hakimiyyətinin cəlladları tərəfindən Əhli-beyt (ə) şiələrinin əzab-əziyyət və işgəncə ilə öldürülməsini görməsi, eşitməsi və onları himayə və müdafiə edə bilməməsi idi.

3. İmam Baqirin (ə) bir oğlu var idi. O xəstələnmişdi. İmam (ə) ona görə çox nigaran idi. Nəhayət, oğlu vəfat etdi və İmam (ə) rahatlaşdı. Dostları o həzrətə dedilər: “Ey Rəsulullahın (s) övladı, sənə görə çox nigaran idik.” İmam (ə) çox təmkinlə və Allahın təqdirinə razılıqla buyurdu:
إِنّا نَدْعو اللهَ فِیما یحُبُّ، فِإِذا وَقَعَ نَکْرَهُ لَمْ نُخالِفِ اللهَ فیما یُحِبُّ
“Biz Allaha Onun sevdiyi şeylərlə dəvət edirik. Əgər bizim xoşlamadığımız bir iş baş versə, Allah sevdiyi üçün ona əks çıxmarıq” (“Tarixi-Dəməşq”, 57-ci cild, səh.229; “Uyunul-əxbar”, İbn Qüteybə, 3-cü cild, səh.57.)

Nəhayət, İmam (ə) səbir libasını geyindi, bütün mükafatın Allah-Taalanın yanında olduğunu hesab edərək, heç bir hövsələsizlik etmədən möhkəm iradə ilə dünyanın möhnətlərinə sinə gərdi.

3. İmam Baqirin (ə) zahidliyi (dünyaya rəğbətsizliyi)

İmam Baqirin (ə) gözəl əxlaq nümunələrindən biri də dünyada zahid yaşaması və onun bütün zinət və gözəlliklərinə etina etməməsi idi. İmam (ə) öz evində zinət əşyaları saxlamırdı. Həmişə həsirin üstündə oturardı. (“Dəaimul-İslam”, 2-ci cild, səh.158.)

Cabir ibn Yezid Cofi o həzrətin zahidliyi haqda belə nəql edir: “Bir dəfə Mühəmməd ibn Əli ibn Hüseyn (ə) mənə buyurdu: “Ey Cabir! Mən qəm çəkirəm və qəlbim ağrıyır.” Cabir dedi: “Nədən qəm çəkirsən və qəlbini ağrıdan nədir?” İmam (ə) buyurdu: “Ey Cabir! İzzət və cəlal sahibi olan Allahın saf dini kimin qəlbinə daxil olarsa, onu başqa şeylərdən ayırar. Ey Cabir! Dünya nədir və nə olmaq istəyir? O, yalnız sənin mindiyin bir minik, geyindiyin bir paltar və yaxud evləndiyin bir qadın deyilmi?” (“Tarixi-Dəməşq”, 57-ci cild, səh.219; “Əl-bidəyatu vən-nihayə”, 9-cu cild, səh.310.)

Həqiqətən, İmam (ə) dünyadan belə əl çəkmişdi və babası Əmirəlmöminin Əli (ə) kimi ona talaq vermiş (onu boşamış), ondan üz döndərmiş, hansısa bir zinətinə meyil etməmişdi.

4. İmam Baqirin (ə) səxavəti

1. Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər və onları sevindirərdi. İbn Səbbağ deyir: “İmam Mühəmməd Baqir (ə) elm, fəzilət, rəyasət və imamlığı ilə bərabər, şiə və sünnilərin nəzərində səxavətli olması ilə yad edilmiş və ailə üzvlərinin çox və imkanının ortasəviyyəli olmasına baxmayaraq, fəzilət, ehsan və yaxşılıqda şöhrət qazanmışdı.” (“Sifatus-səfvə”, 2-ci cild, səh.62.)

Tarixçilər onun səxavətinə dair çoxlu sayda rəvayət qeyd etmişlər və biz burada onlardan bir neçəsini qeyd edirik:

2. Süleyman ibn Qərəm deyir: “İmam Baqir bizə beş yüz, altı yüz və hətta min dirhəm hədiyyə verərdi, qardaşları və istəyənlərinə kömək və bəxşiş etməkdən əl çəkməz və heç vaxt onları unutmazdı.” (“Əl-fusulul-muhimmə”, səh.227.)

3. Həsən ibn Kəsir deyir: “Mən Əbu Cəfər Məhəmməd ibn Əliyə (imam Baqir (ə)) yoxsulluqdan və qardaşlarımın cəfa və zülmündən şikayət etdim. İmam (ə) təsirlənərək buyurdu:
بِئْسَ الْأَخُ یَرْعاکَ غَنِیّاً و یَقْطَعُکَ فَقیراً.
“Varlı ikən səni axtaran, amma yoxsul ikən səninlə əlaqəsini qıran qardaş nə pis qardaşdır!”

Sonra Həzrət öz qulamına yeddi yüz dirhəmdən ibarət pul kisəsini mənə verməsini əmr edib buyurdu: “Bunu xərclə, əgər qurtarsa, mənə xəbər verərsən.” (“Uyunul-əxbar və fununul-asar”, səh.217.)

İmam Baqir (ə) bu qədər bəxşiş və səxavətinə görə Allah-Taaladan başqa heç kimdən minnətdarlıq istəmirdi.

4. Abdullah ibn Übeyd və Əmr ibn Dinar belə deyirlər: “Biz Əbu Cəfər Məhəmməd ibn Əli (imam Baqir) (ə) ilə nə vaxt görüşsəydik, bizə pul və paltar hədiyyə edər, sonra isə buyurardı: “Sizin gəlişinizdən öncə bunlar sizin üçün hazırlanmışdı.” (“Əl-irşad”, səh.299.)

5. İmam Baqirin (ə) kənizi Səlmi deyir: “İmam (ə) evinə gələn bütün dostlarına pak, ləziz yeməklər verər, gözəl paltarlar geyindirər və onlara pul hədiyyə verərdi. O həzrət həmişə buyurardı: “Dünyada yalnız yaxşılıqlar və (din) qardaşlarla əlaqələri möhkəmlətmək arzu olunmalıdır.”

Həmçinin buyurmuşdur:
ما حَسَّنَتِ الدُّنْیا إِلاَّ صِلَةُ الإخْوانِ وَ الْمَعارِف
“Dünyanı gözəlləşdirən yalnız qardaşlara kömək etmək və yaxşılıqlardır.” (“Sifatus-səfvə”, 2-ci cild, səh.63.)

5. İmam Baqirin (ə) yoxsullara ehtiramı

İmam Baqirin (ə) gözəl əxlaqi nümunələrindən biri də yoxsullara böyük ehtiram və qayğı göstərməsi idi. O həzrət öz əhli-əyalına tapşırmışdı ki, evə bir dilənçi gəldikdə, ona “ey dilənçi, bunu götür” deməsin. Desin ki, “Ey Allahın bəndəsi, bu, sənin üçün hazırlanıb.” (“Uyunul-əxbar”, 3-cü cild, səh.308.)

O həzrət buyurmuşdur: “Yoxsulları gözəl sözlərlə çağırın.” (“Əl-bəyanu vət-tibyan”, səh.258.)

6. İmam Baqirin (ə) Mədinə yoxsullarına yardım etməsi

İmam Baqir (ə) Mədinə yoxsullarına həmişə kömək edər və onlara sədəqə verərdi. Onun verdiyi sədəqələr hesablandıqda, səkkiz min dinara çatmışdı. (“Şərhu şafiyəti Əbi Fəras”, 2-ci cild, səh.176.) O həzrət hər cümə günü Mədinə yoxsullarına bir dinar sədəqə verib buyurardı:
الصَّدَقَةُ یَوْمَ الْجُمُعَةِ تُضاعِفُ الْفَضْلَ عَلى غَیْرِه مِنَ الْأَیّام
“Cümə günü sədəqə verməyin fəziləti başqa günlərdə verilən sədəqənin fəzilətindən çoxdur.” (“Əyanuş-şiə”, 4-cü cild, səh.471, 1-ci hissə.)

7. İmam Baqirin (ə) Allaha itaəti

İmam Baqir (ə) yalnız Allah-Taalaya ümid bəsləyər, yalnız Ona təvəkkül edər və layiqincə ibadət edərdi. Namaza durduğu zaman Onun xofundan rəngi saralardı. (“Tarixi-İbn Əsakir”, 51-ci cild, səh.44.) Allah-Taala ilə münacat və raz-niyaz zamanı belə deyərdi: “(İlahi!) mənə əmr etdin, əmrinə itaət etmədim. Məni müəyyən işlərdən çəkindirdin, amma mən çəkinmədim. Sənin qarşında dayanmış bəndən mənəm!” (“Sifatus-səfvə”, 2-ci cild, səh.163; “Nurul-əbsar”, səh.130 ; “Hilyətül-övliya”, 3-cü cild, səh.182.)

O həzrətin qulamı Əfləh deyir: “Mən imam Baqirlə (ə) birlikdə həcc ziyarətinə getmişdim. Həzrət (ə) məscidə daxil olarkən hönkürtü ilə ağlamağa başladı. Mən dedim: “Atam-anam sənə fəda olsun, insanlar sənə baxırlar. Bəlkə səsini bir az azaldasan?” İmam (ə) mənə buyurdu: “Ey Əfləh! Mən ona görə hönkürtü ilə ağlayıram ki, Allah-Taala mərhəmət nəzəri ilə mənə baxsın və bununla sabah (qiyamətdə) nicat tapanlardan olum.” Bundan sonra İmam (ə) Kəbəni təvaf edib, “məqam” arxasında namaz qıldı. Namazı qurtardıqda, səcdə etdiyi yer göz yaşları ilə islanmışdı.” (“Tarixi-İbn Əsakir”, 51-ci cild, səh.44; “Miratuz-zəman”, 5-ci cild, səh.79; Nurul-əbsar”, səh.130.)

O həzrət vaxtının çoxunu Allah-Taala barəsində söhbət etməklə keçirərdi. (“Əyanuş-şiə”, 4-cü cild, səh.471, 1-ci hissə.) Günəş çıxmamışdan öncə övladlarını bir yerə toplayar və onlara günəş çıxana qədər Allah-Taalanı zikr etməyi tövsiyə edərdi.
Bu məqalə ustad Baqir Şərif əl-Qureyşinin “Əxlaqun-Nəbiyy və Əhli-bəytihi” kitabından iqtibas edilmişdir.

R. Şükürlü

موافقین ۱ مخالفین ۰ ۹۵/۰۶/۱۹
منتظر....